“Birlikdə qalib gələcəyik”| Putin üçün Şimali Qafqazda sabitlik haradan başlayır?

2024/05/1715251649.jpg
Oxunub: 506     16:36     09 May 2024    
Mayın 7-də Vladimir Putin beşinci səlahiyyət müddəti üçün Rusiya Federasiyasının prezidenti vəzifəsinin icrasına başlayıb. Həmin gün o, hökumətin istefasını qəbul edib. Rusiya Federasiyasının konstitusiyasına görə, Federal Məclisin aşağı palatası olan Dövlət Duması hökumət başçısı-Baş nazirin namizədliyini təsdiq edir.

Mixail Mişustinin yenidən vəzifəyə təyin olunma ehtimalı yüksəkdir. Hökumətin fəaliyyət proqramının təsdiqində, nazirlərin təyinatında heç bir problem olmayacaq. Putinin ictimai və daxili siyasi reytinqi yüksəkdir, onu Rusiyada istənilən siyasi partiya dəstəkləyir. Amma insan planlaşdırır, Allah isə idarə edir. Müxtəlif mənbələrin bildirdiyinə görə, Çeçenistan lideri Ramzan Kadırov sağalmaz xəstəlikdən əziyyət çəkir, onda bir neçə əlavə xəstəliklərə səbəb olan pankreas nekrozu var.

Kadırovun bu dünyadakı vaxtı daralır. Kremldə isə ondan sonra Çeçenistanı kimin idarə edəcəyinə qərar verməkdə çətinlik çəkirlər. Bəzi şərhçilər Kadırovun faktiki olaraq təkcə Çeçenistana deyil, demək olar bütün Şimali Qafqaza nəzarət etdiyini nəzərə alaraq, bu vəziyyəti Vladimir Putinin ən ciddi çağırışı kimi qiymətləndirirlər. Göründüyü kimi, Çeçenistanda vəziyyət həqiqətən də həssasdır. Bundan əvvəl Federal Təhlükəsizlik Xidmətinin Dağıstan və İnquşetiya İdarəsinin rəhbəri vəzifəsində çalışmış Dmitri Keçkinin Çeçenistanda eyni strukturun rəhbəri təyin edilməsi bununla izah olunur.

Moskvadan xüsusi xidmətin Çeçenistan idarəsində yeni təyinatların həyata keçirildiyi barədə məlumatlar var, buradan belə çıxır ki, Keçkinin üzərinə daxili ziddiyyətləri idarə etmək kimi çox çətin vəzifə düşür. Yerli parlamentin spikeri Mohamed Daudov Kadırovun mümkün varisi kimi görünür, lakin o, sonuncuya ən yaxın adam kimi tanınır. Dövlət Dumasının deputatı Adam Delimxanovun Çeçenistanın rəhbəri təyin olunmasının mümkünlüyü də müzakirə olunur.

Belə görünür ki, Moskva Çeçenistanın rəhbəri vəzifəsini güc strukturlarında təcrübəsi olan birinə həvalə edəcək. Bu halda Apti Alaudinov Kadırovun əvəzedicisi kimi tanına bilər. Alaudinov Çeçenistan daxili işlər nazirinin müavini vəzifəsindən bu yaxınlarda Rusiya Federasiyası Müdafiə Nazirliyinin Hərbi-Siyasi İşlər Baş İdarəsinin rəisi təyin edilib və ordu general-mayoru rütbəsinə layiq görülüb.

Ramzan Kadırovun İslam dünyasında da müəyyən nüfuzu var, xüsusən də Fars körfəzinin ərəb monarxiyaları, eləcə də Türkiyə ilə əlaqələri məlumdur. Bunların Rusiya ilə İslam dünyası arasındakı münasibətlərə nə dərəcədə töhfə verdiyini söyləmək çətindir, lakin Kadırovun əvəzedicisi məsələsi çox yaxın şəxsi münasibətlərlə bağlı olsalar belə, Vladimir Putin üçün çətin həll olunacaq reallıq kimi görünür.

Vladimir Putin Çeçenistanın və ümumiyyətlə, Şimali Qafqazın sabitliyini təmin edə biləcəkmi? O, andiçmə mərasimindəki çıxışını “birlikdə qalib gələcəyik” şüarı ilə yekunlaşdırıb. Dağıstanlı qız da mərasimin fəxri qonağı olub. Bu, çox simvolikdir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Şimali-Qafqaz   Çeçenistan  


Bizi "telegram"da izləyin